вторник, 3 января 2017 г.

Xudiyeva Xatirə Rafiq qızı

Xudiyeva Xatirə Rafiq qızı 4 oktyabr 1971-ci ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə anadan olub. 1989-cu ildə Sumqayıt şəhərində 21 №-li orta məktəbi bitirib. Uşaqlıqdan təsviri sənətə olan həvəsi onu bu sahənin arxasınca getməyə istiqamətləndirdi. 1990-cı ildə N. Tusi ad. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Bədii qrafika” fakültəsinə daxil olub. Burada  ustad müəllimlərdən – görkəmli sənətşünas Ziyadxan Əliyev, tanınmış heykəltəraş İbrahim Zeynalov, xalq rəssamı Rəis Rəsulzadə və digər hörmətli müəllimlərdən dərs alıb.
İlk pedaqoji fəaliyyətə 1995-ci ildə  Bakı şəhəri, Binəqədi rayonu 83 №-li məktəb-liseydə başlayıb. Hazırda həmin məktəbdə təsviri incəsənət müəllimi kimi çalışır. Bu təhsil ocağında fəaliyyət göstərdiyi gündən gözəl insani keyfiyyətlərə malik, daim müəllimləri yeniliyə, yaradıcılığa ruhlandıran məktəbin direktoru Nəbi müəllimin qayğısını və diqqətini kollektivin hər bir müəllimi kimi o da öz üzərimdə hiss edib. Hər zaman bu etimadı döğrultmağa, vəzifəsini məsuliyyətlə yerinə yetirməyə çalışmışdır.
Təsviri incəsənət fənni vasitəsilə şagirdlərin obrazlı, estetik düşünmə bacarığını formalaşdırmağa, milli və ümumbəşəri dəyərlərə hörmət və məhəbbət hissini aşılamağa çalışır. Dərs dediyi şagirdlərdən -  Kərimli Aysel,  İslam Əminə, Hüseynova Alsu, Səfərova Röyalə və digərləri rayon və respublika üzrə keçirilən rəsm üzrə müsabiqə, sərgilərdə yüksək yerlərə layiq görülmüşlər. Artıq 21 ildir ki, fəaliyyət göstərdiyi məktəb-liseydə təsviri incəsənət, musiqi və texnologiya fənn metodbirləşməsinin sədri kimi öz bilik və təcrübəsini həmkarları ilə bölüşür və bu fənlərin tədrisində yeni təlim texnologiyalarının tətbiqi istiqamətində müzakirələr aparır və müəyyən tövsiyələr verir.
Pedaqoji fəaliyyətini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan  innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılması üzrə ikinci strateji istiqamətdə qoyulan tələblər əsasında qurmağa çalışır. İxtisası üzrə peşəkarlığını artırmaq məqsədilə müxtəlif təlim kurslarında iştirak etmiş, yeni təlim texnologiyaları və İKT üzrə bilik və bacarığını daha da təkmilləşdirmişdir. “Yeni fənn kurikulumlarının tədris prosesində tətbiqi” üzrə təlim kurslarında təlimçi, Təhsil Nazirliyində “Dərsliklərin qiymətləndirilməsi komissiyası”nda ekspert kimi çalışır. “İbtidai təhsil səviyyəsində təhsilalanın təsviri incəsənətdən fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubriklər” və “ Ümumi orta təhsil səviyyəsində təhsilalanın təsviri incəsənətdən bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” adlı metodik vəsaitlərin müəllifidir.
Pedaqoji  sahədə əməyi yüksək qiymətləndirilərək 2014-cü ildə “Qabaqcıl təhsil işçisi” adına layiq görülüb. 2014-2015-ci tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 2016-cı ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 

Qazandığı uğurlar onu öz işinə daha da məsuliyyətlə yanaşmağa və gənc nəslin geniş təfəkkürə, dünyagörüşə malik bir şəxsiyyət kimi formalaşması istiqamətində yüksək nəticələr əldə etməyə sövq edir.

Комментариев нет:

Отправить комментарий