понедельник, 4 марта 2019 г.

Həsənova Fidan Xəlil qızı


Nizami rayonundakı 328 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Fidan Нəsənova, gənc olmasına baxmayaraq şagird, valideyn və məktəb kollektivi arasında dərin hörmət qazana bilib
Orta məktəblərdə direktor vəzifəsinə təyinatın son vaxtlar imtahan yolu ilə həyata keçməsi, mən deyərdim ki, çox böyük bir islahatın tərkib hissəsidir. Belə gənc direktorların bir neçəsi ilə həmsöhbət olmuşam. Onların dünya görüşü, savadı insanda heyrət doğurur. Deməli, təhsilimiz tədricən etibarlı əllərə tapşırılır. Belə məktəblərdə gənc müəllimlər də, bundan ruhlanaraq, öz işlərinə çox böyük məsuliyyətlə yanaşırlar.
Belə gənc müəllimlərdən biri də Bakının Nizami rayonundakı 328 saylı məktəbin ibtidai sinif müəllimi Həsənova Fidan Xəlil qızıdır. F.Həsənovanın cəmi 26 yaşı var. Ancaq yaşının az olmasına baxmayaraq, dərs dediyi sinifdə həm şagirdlərin, həm də onların valideynlərinin dərin rəğbətini qazanıb. Hər hansı əlamətdar günlərlə bağlı Fidan xanımın sinfi, keçirilən tədbirlərdə çox fəallıq göstərirlər. F.Həsənova şagirdlərə bilik öyrətməklə yanaşı, onların fərdi bacarıqlarını da üzə çıxara bilir. Bu isə şagirdlərin dərsdənkənar olan bu bacarıqlarının inkişaf etdirilməsinə də bir stimul olur.
Bəli, əsl müəllim belə olmalıdır ki, şagirdləri özünə tam inandıra bilsin. Elə ona görə də valideynlər F.Həsənovadan həmişə ağız dolusu danışırlar ki, onların övladları hərtərəfli inkişaf edir. Bu isə, onu deməyə əsas verir ki, Fidan Həsənova vaxtilə özünün təhsil aldığı 194 saylı tam orta məktəbdə müəllimlərindən belə qayğı və diqqət görüb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisasına da, müəllimlərinin ona inanması sayəsində qəbul olunub. Universiteti bitirəndən sonra 328 saylı tam orta məktəbdə təcrübəli müəllimlərlə işləməkdən çəkinməyib. Peşəsinə, işinə həvəslə yanaşmasının nəticəsidir ki, gənc olmasına baxmayaraq, məktəbdə, az müdətdə böyük hörmət və nüfuz qazanıb.
Şagirdləri bir anda olsun onun yanından ayrılmaq istəmirlər. Axı Fidan xanım dərs dediyi 24 nəfər şagirdin hər birinin fərdi xarakterini və bacarığını yaxşı bilir. Yaxşı olar bu barədə qısa da olsa, Fidan xanımın özünü dinləyək: “Mənim fikrimcə, pedaqoq həm də yaxşı psixoloq olmalıdır. Çünki mən şagirdlərə həm ana, həm dost kimi onların daxili aləmlərinə nüfuz edə bilirəm. Bəzən valideynlər deyirlər ki, biz inana bilmirik bu 24 uşağa siz özünüzü necə sevdirə bilmisiniz? Şagirdlərimin hər biri mənim üçün əzizdir. Məsələn, Mələk Quliyeva çox istedadlıdır. Onun məntiqi təfəkkürü imkan verir ki, yaşıdlarından fərqlənsin. Bir dəfə 5-ci və 6 -cı siniflər arasında mini məntiq yarışması keçirilirdi. Onlardan xeyli balaca olmasına baxmayaraq, Mələk çox yüksək nəticə göstərdi. Nuray Məcidli mənim gimnast qızımdır. Onun çıxışlarına heyranlıqla baxırm. Raziyyə Əlizadənin elə gözəl əl işləri, rəsmləri var ki, istənilən adamı valeh edir. Məleykə Dünyamalızadə mənim balaca rəssamımdır. Onun əl işləri böyük gələcəkdən xəbər verir. Nicat Qurbanlının isə idman sahəsində uğurları saysız hesabsızdır. Rəşid Allahverdiyev, Zeynəb Namazova, Yaşar Məmmədli, Nərminə Hüseynquluzadə, pianoçu Yusif Hüseynov, Səbuhi Əlizadə dərs əlaçılarıdır. Savaşım Salayev həm uşaq modeli ilə, həm də idmanla məşğul olur. Hansı birini deyim? Şagirdlərimin 24-ü də mənim əziz balalarımdır.”
Bəli, gənc olmasına baxmayaraq, az müddətdə şagirdlərin qəlbini ələ alıb, onların ata, analarının dərin rəğbətini qazanmaq, heç də asan iş deyil. Ancaq Fidan Həsənova işinə peşəkarcasına yanaşmaqla, bunlara nail ola bilib. İnanırıq ki, bu gündən sonra da F.
Həsənova gənc balalarımızın elmə, təhsilə yiyələnməsi, vətənimizə layiqli övladlar olması üçün bütün bilik və bacarığını əsirgəməyəcək.

Комментариев нет:

Отправить комментарий