понедельник, 4 марта 2019 г.

Həsənova Fidan Xəlil qızı


Nizami rayonundakı 328 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Fidan Нəsənova, gənc olmasına baxmayaraq şagird, valideyn və məktəb kollektivi arasında dərin hörmət qazana bilib
Orta məktəblərdə direktor vəzifəsinə təyinatın son vaxtlar imtahan yolu ilə həyata keçməsi, mən deyərdim ki, çox böyük bir islahatın tərkib hissəsidir. Belə gənc direktorların bir neçəsi ilə həmsöhbət olmuşam. Onların dünya görüşü, savadı insanda heyrət doğurur. Deməli, təhsilimiz tədricən etibarlı əllərə tapşırılır. Belə məktəblərdə gənc müəllimlər də, bundan ruhlanaraq, öz işlərinə çox böyük məsuliyyətlə yanaşırlar.
Belə gənc müəllimlərdən biri də Bakının Nizami rayonundakı 328 saylı məktəbin ibtidai sinif müəllimi Həsənova Fidan Xəlil qızıdır. F.Həsənovanın cəmi 26 yaşı var. Ancaq yaşının az olmasına baxmayaraq, dərs dediyi sinifdə həm şagirdlərin, həm də onların valideynlərinin dərin rəğbətini qazanıb. Hər hansı əlamətdar günlərlə bağlı Fidan xanımın sinfi, keçirilən tədbirlərdə çox fəallıq göstərirlər. F.Həsənova şagirdlərə bilik öyrətməklə yanaşı, onların fərdi bacarıqlarını da üzə çıxara bilir. Bu isə şagirdlərin dərsdənkənar olan bu bacarıqlarının inkişaf etdirilməsinə də bir stimul olur.
Bəli, əsl müəllim belə olmalıdır ki, şagirdləri özünə tam inandıra bilsin. Elə ona görə də valideynlər F.Həsənovadan həmişə ağız dolusu danışırlar ki, onların övladları hərtərəfli inkişaf edir. Bu isə, onu deməyə əsas verir ki, Fidan Həsənova vaxtilə özünün təhsil aldığı 194 saylı tam orta məktəbdə müəllimlərindən belə qayğı və diqqət görüb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisasına da, müəllimlərinin ona inanması sayəsində qəbul olunub. Universiteti bitirəndən sonra 328 saylı tam orta məktəbdə təcrübəli müəllimlərlə işləməkdən çəkinməyib. Peşəsinə, işinə həvəslə yanaşmasının nəticəsidir ki, gənc olmasına baxmayaraq, məktəbdə, az müdətdə böyük hörmət və nüfuz qazanıb.
Şagirdləri bir anda olsun onun yanından ayrılmaq istəmirlər. Axı Fidan xanım dərs dediyi 24 nəfər şagirdin hər birinin fərdi xarakterini və bacarığını yaxşı bilir. Yaxşı olar bu barədə qısa da olsa, Fidan xanımın özünü dinləyək: “Mənim fikrimcə, pedaqoq həm də yaxşı psixoloq olmalıdır. Çünki mən şagirdlərə həm ana, həm dost kimi onların daxili aləmlərinə nüfuz edə bilirəm. Bəzən valideynlər deyirlər ki, biz inana bilmirik bu 24 uşağa siz özünüzü necə sevdirə bilmisiniz? Şagirdlərimin hər biri mənim üçün əzizdir. Məsələn, Mələk Quliyeva çox istedadlıdır. Onun məntiqi təfəkkürü imkan verir ki, yaşıdlarından fərqlənsin. Bir dəfə 5-ci və 6 -cı siniflər arasında mini məntiq yarışması keçirilirdi. Onlardan xeyli balaca olmasına baxmayaraq, Mələk çox yüksək nəticə göstərdi. Nuray Məcidli mənim gimnast qızımdır. Onun çıxışlarına heyranlıqla baxırm. Raziyyə Əlizadənin elə gözəl əl işləri, rəsmləri var ki, istənilən adamı valeh edir. Məleykə Dünyamalızadə mənim balaca rəssamımdır. Onun əl işləri böyük gələcəkdən xəbər verir. Nicat Qurbanlının isə idman sahəsində uğurları saysız hesabsızdır. Rəşid Allahverdiyev, Zeynəb Namazova, Yaşar Məmmədli, Nərminə Hüseynquluzadə, pianoçu Yusif Hüseynov, Səbuhi Əlizadə dərs əlaçılarıdır. Savaşım Salayev həm uşaq modeli ilə, həm də idmanla məşğul olur. Hansı birini deyim? Şagirdlərimin 24-ü də mənim əziz balalarımdır.”
Bəli, gənc olmasına baxmayaraq, az müddətdə şagirdlərin qəlbini ələ alıb, onların ata, analarının dərin rəğbətini qazanmaq, heç də asan iş deyil. Ancaq Fidan Həsənova işinə peşəkarcasına yanaşmaqla, bunlara nail ola bilib. İnanırıq ki, bu gündən sonra da F.
Həsənova gənc balalarımızın elmə, təhsilə yiyələnməsi, vətənimizə layiqli övladlar olması üçün bütün bilik və bacarığını əsirgəməyəcək.

пятница, 1 марта 2019 г.

Arzu İzzət qızı Əmirova


İbtidai sinif müəllimi olmaq olduqca çətin və məsuliyyətli peşədir. Biz sizə bu şərəfli peşənin layiqli təmsilçilərindən biri olan Arzu İzzət qızı Əmirova haqqında söhbət açmaq istəyirik. Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 №li orta məktəbdə 32 ildir ki, ibtidai sinif müəllimi olan müsahibimiz şagirdlərinin yalnız təhsil sahəsində deyil, həmçinin ictimai həyatda da öz mövqelərini tutmaqları üçün onlara bələdçilik edir. Şagirdlərinin valideynləri ilə mütəmadi ünsiyyətdə olan Arzu müəllimə öz dəyərli məsləhətlərini onlardan əsirgəmir. Bu çoxşaxəli fəaliyyətlərin nəticəsində bu günə qədər 8 dəfə 4-cü sinif buraxılışlarında hər biri uğurları ilə gündəmdə olan şagirdləri yetişdirmişdir. Buna əyani sübut olaraq qeyd edə bilərik ki, Xocalı faciəsi ilə əlaqədar şagirdləri ilə birgə bu il təşkil etdikləri tədbir bəyənilmiş və onların çoxsaylı diplomlarının, mükafatlarının arasına yeni təqdim olunan bu təltif də qatılmışdır. Həmçinin bu yaxınlarda sinfindəki qabaqcıl şagirdləri “İstedadlar.biz” layihəsində də uğurlu çıxış edib diplom və təltiflər əldə etmişdirlər.
Bacarıqlı müəllim, səmimi insan olan bu zərif xanım sadəcə müəllim olmaqla kifayətlənmir, daim yeniliklər axtarışında olur. Öz öyrəndiyi əvəzsiz bilgiləri şagirdləri ilə birgə praktiki şəkildə müasir avadanlıqlarla həyata keçirir. Bu cəhətdən məktəb rəhbərliyi onun fəaliyyətini yüksək qiymətləndirir, təqdir edir. Bu nəaliyyətlər yalnız məktəb səviyyəsində qalmır, təhsilə nəzarət edən orqanlar tərəfindən də qiymətləndirilir. Belə ki, Arzu xanıma Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən elektron lövhə hədiyyə olunmuşdur. 
Öz sənətini və şagirdlərini çox sevir, onları həyatının ayrılmaz hissəsi hesab edir. Müsahibimiz deyir ki, onun üçün ən qiymətli mükafat şagirdlərinin yaxşı soraqlarını eşitməkdir. Onun yetirmələri həm respublikamızın daxilində, həm də xarici dövlətlərdə müxtəlif  sahələr üzrə yarışlarda iştirak edir, müəllimənin əvəzsiz xidmətlərinin bəhrəsini verirlər. Araşdırmamız əsasında müəyyən etdik ki, dərs dediyi bütün şagirdlərin valideynləri onun haqqında qürurverici fikirlər söyləyir. Onun mehriban qəlbi öz kiçik şagirdlərinin ruhunu oxşayıb bu səbəbdən də valideynlərin də müsbət rəyi formalaşmışdır.
Ömrünün 32 ilini gənc nəslin vətənpərvər və savadlı böyüməsinə həsr etmiş bir müəllim haqqında  görkəmli şairimiz N.Kəsəmənlinin bu sənət sahiblərinə həsr etdiyi dəyərli misraları qələmə almaq istədik:
Körpə ürəklərdə günəş tək yanan,
Çətin sınaqlarda məğrur dayanan,
İstəyi, arzusu çağlayan ümman,
Həyatın ən uca sözüdür Müəllim!!!
Elimizin dəyərli ziyalısı, gözəl insan olan Arzu müəllimə pedaqoji fəaliyyətində uğurlar diləyirik!