четверг, 24 ноября 2016 г.

Əhmədova Saçlı Yaşar qızı

Əhmədova Saçlı Yaşar qızı 1976-cı il mayın 3-də Qərbi Azərbaycanın Amasiya rayonunun Göllü kəndində anadan olub.
1983-cü ildə kəndlərindəki orta məktəbin I sinfinə getmişdir. 1988-ci ildə məlum Qarabağ hadisələri səbəbindən ailəsi Sumqayıt şəhərində məskunlaşmışdır. Orta təhsilini Sumqayıt şəhəri 16 nömrəli orta məktəbdə davam etdirmişdir. 1993-cü ildə orta məktəbi yüksək qiymətlərlə bitirərək həmin ildə N. Tusi adına ADPU-nun ibtidai təhsilin pedaqogikası və metodikası fakultəsinə qəbul olmuşdur. 1998-ci ildə ali məktəbi bitirərək ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir. 1994-cü ildə Sumqayıt şəhərindəki Təbiət Elmləri Təmayüllü Gimnaziyada Uşaq Birliyi Təşkilatının rəhbəri vəzifəsində çalışaraq pedaqoji fəaliyyətə başlamışdır. UBTR işlədiyi müddətdə məktəbdaxili və məktəbdənkənar müxtəlif tədbirlərin keçirilməsini təşkil etmişdir. Eyni zamanda həm də təcrübəli müəllimlərin dərslərini, iş fəaliyyətlərini izləyərək müəllimlik sənətinin sirlərini öyrənməyə çalışmışdır. Müəllimə deyir ki, onun bu peşəyə gəlməsində, bu gün bir müəllim kimi yetişib püxtələşməsində atası Yaşar müəllimin böyük rolu olmuşdur.
1996-cı ildən Bakı şəhər Nizami rayonu 242 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi ilk müəllimlik fəaliyyətinə başlamışdır. Saçlı müəllim şagirdlərə hər zaman bir fərd, şaxsiyyət kimi yanaşır. Hər zaman şagirdlə müəyyən sərhəddi saxlayaraq səmimi və dostluq münasibəti qurmağa üstünlük verir. Hər bir şagirdlə onun psixologiyasına görə davranmağı gərəkli sayır. İşinə həvəslə yanaşaraq şagirdləri sevmiş və özünü şagirdlərə sevdirməyi bacarmışdır ki, bu da ona işində stimul verir.
Hazırda Suraxanı rayonu Xarici Dillər Təmayüllü gimnaziyada ibtidai sinif müəllimidir. Müasir təlim strategiyasının tələblərinə uyğun olaraq daim təkmilləşdirmə kurslarında iştirak etmişdir. 2005-2016-cı illər ərzində Milli kurikulum, Mimio, Veb2, Flash 8, İKT və s. kimi müasir təlim kurslarında iştirak edərək, kursu müvəffəqiyyətlə başa vuraraq sertifikatlar almışdır.
Saçlı müəllimə təlim-tədrisdəki yenilikləri daim dərslərində tətbiq edir. Milli kurikulumun, müasir və fəal təlimin tələblərinə uyğun olan tez-tez açıq dərslər keçirir və məktəb rəhbərliyi tərəfindən bəyənilərək rəğbətləndirilir. Fənn metodbirləşmə iclaslarında mütəmadi olaraq müxtəlif mövzulu məruzələrlə çıxış edir.
Dərs dediyi şagirdlər daha çox riyaziyyata meyilli olurlar Bu da müəllimin işinə olan məsuliyyətindən, fənninin tədrisindəki peşəkarlığından irəli gəlir. 2014-cü ildə TN-nin keçirdiyi müəllimlərin diaqnostik qiymətləndirilməsində 98% nəticə göstərmişdir. Şagirdləri arasında “Zəfər”, “Hədəf”, “Unikal” və s. kimi təlim kurslarının keçirdiyi “Məktəblərlərarası bilik yarışmaları”nda dəfələrlə I, I, III yerləri qazanmış uşaqlar var.
Bu gün müəllimin təməlini qoyduğu, respublikamızın müxtəlif ali məktəblərində yüksək nəticələr göstərən şagirdləri və onların valideynləri onun peşəkar, savadlı kadr olmasından rahatlıqla danışırlar: “Bu günkü yüksək uğurlarımızda bizim təlimdə təməlimizi möhkəm qoyan Saçlı müəlliməyə sağ ol, deyirik!”
Elmin sirlərini öyrətməklə yanaşı başlıca olaraq şagirdləri vətənpərvərlik ruhunda yetişdirməyə çalışır. Şagirdlərini tez-tez xalqımızın tarixini əks etdirən məkanlara ekskursiyalara aparır. Müxtəlif tədbirlər keçirir.
2014-2015-ci tədris ilində “110 kitab” layihəsi adı altında keçirilən tədbirlər silsiləsindən sinfi ilə Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş “Qəhrəmanları olan Vətən basılmaz!” adlı təqdirəlayiq ədəbi-bədii gecə keçirmişdir və məktəb rəhbərliyi tərəfindən şagirdlər və müəllim fərqlənmə və fəxri fərmanla təltif olunmuşdur.
“Keçmişə söykənərək gələcəyə getmək lazımdır. Keçmişini unudanın gələcəyi olmaz...”- deyə düşünür. Hər zaman şagirdlərinə söylədiyi bir sözü var: “Bu Vətəni biz sevməsək, biz qorumasaq, sahib çıxmasaq bizdən alarlar... Elmdən, alimdən əvvəl şərəfli insan, layiqli vətəndaş yetişdirməliyik...”

Комментариев нет:

Отправить комментарий