среда, 1 марта 2017 г.

Əhmədova Nailə Namaz qızı

Əhmədova Nailə Namaz qızı bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə, Azərbaycan təhsilinin inkişafına sərf etmişdir. Pedaqoji fəaliyyətinə 1976-cı ildən H. Cavid adına 132 nömrəli məktəbdə başlayan Nailə müəllimə əvvəlcə riyaziyyat-informatika, 2000-ci ildən isə iqtisadiyyat müəllimi kimi çalışmışdır. Sönməz həvəsi, tükənməz enerjisi, şagirdlərinə qarşı sevgi və diqqəti Nailə müəlliməni bütün kollektivin sevimlisinə çevirmişdir.
Nailə müəllimə tədrisin ən müasir metodlarından məharətlə istifadə edən, istedadlı şagirdləri üzə çıxararaq, onları düzgün istiqamətləndirməyi bacaran müəllimdir. Məhz bu fədakar əməyin nəticəsidir ki, məktəbimizin şagirdləri müxtəlif səpkili respublika miqyaslı iqtisadiyyat olimpiadalarının, müsabiqələrin, yarışların qalibi olmuşlar.
Belə ki, 132 nömrəli məktəbimin şagirdləri 2002-ci ildən start götürən “JAA” (Azərbaycan Gənclərinin Nailiyyətləri) QHT-nın dəstəyi ilə keçirilən “Tətbiqi iqtisadiyyat” olimpiadasında ən yüksək nəticələr əldə etməklə 5 dəfə Respublika turunda 1-ci yerə layiq görülmüşlər. Nailə müəllimənin şagirdləri iqtisadiyyat üzrə ayrı-ayrı illərdə keçirilən digər ”Biznes-plan” müsabiqəsində , ”Biznes-etika” yarışının qalibi olmuşlar.
Bakı Şəhəri üzrəTəhsil İdasəsinin keçirdiyi “Azərbaycan-dünyam mənim” müsabiqəsində 132 nömrəli məktəbin şagirdi Məlikbəyli Elnurun elmi işi 1-ci yerə layiq görülmüşdür. Nailə müəllimənin şagirdləri Haşımzadə Cavid və Süleymanov İnqilab Azərbaycan Futuroloqlar Cəmiyyətinin xətti ilə keçirilən “GƏLƏCƏK NƏSİLLƏRLƏ ÜZ-ÜZƏ” IV inşa yazı müsabiqəsinə təqdim olunmuş iqtisadi məzmunlu iki yazı işinin hər ikisi birincilik qazanmışdır.
Bütün bu uğurların nəticəsi kimi məktəbimizin şagirdləri 2002-ci ildən başlayaraq hər il ON LİNE ilə keçirilən Beynəlxalq HPGBC Olimpiadasının iştirakçısı olmaq hüququnu qazanmışlar. Şagirdlərimizin Beynəlxalq Olimpiadada müntəzəm iştirakı da öz bəhrəsini vermişdir. 2004-cü ildə ölkəmizin tarixində ilk dəfə məktəbimizin şagirdi Babayev Şaiq Nailə müəllimə ilə bərabər ABŞ-da keçirilən Beynəlxalq Olimpiadanın final mərhələsinə vəsiqə qazanmış və Hyustonda Azərbaycanı layiqli təmsil etmişdir. Nailə müəllimə təkcə bizim məktəbin deyil, bütün Bakı məktəblilərini Beynəlxalq müsabiqələrə hazırlayan məşqçi kimi fəaliyyət göstərmişdir. Hələ 95 nömrəli məktəbin şagirdi ikən məşqçisi olduğu İsmayılov Azər isə 2007-ci ildə Neft Akademiyasının tələbəsi kimi Praqada keçirilən Beynəlxalq Olimpiadada 1-ci yerə layiq görülmüşdür.
Nailə müəllimənin məktəbimizdən kənar fəaliyyəti də çox genişdir. O, dövlət və QHT-lərin xətti ilə iqtisadiyyat sahəsində yorulmadan çalışır. O, 2002-ci ildə JAA qeyri-hökümət təşkilatını Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Trenerlərin hazırlığı” kursunumüvəffəqiyyətlə bitirməklə iqtisadiyyat müəllimlərini yetişdirməyə hüquq verən sertifikat qazanmış və bu sertifikatla Bakıda və Azərbaycanın digər regionlarında: Şamaxıda, Astarada, Qusarda, Nabranda keçirilən seminarlarda dərs deyərək 500-dən artıq iqtisadiyyat müəllimi yetişdirmişdir. Mütamadi olaraq Bakı məktəblərinin müəllimlərinin dərslərini dinləmiş, monitorinqlər aparmış, öz məsləhətləri ilə onlara yardımçı olmuşdur
Nailə müəllimə təlimçi kimi “Junior Achievement Azerbaijan” QHT-nin təşkil etdiyi Qafqaz Universiteti, Azərbaycan Neft Akademiyası və İqtisad Universitetinin sonuncu kurs əlaçı tələbələri ilə keçirilən “ İşə hazırlıq ” və “Biznes etika ” layihələrində gənclərimizə biznes və əməkdaşlıq sahəsində vəsiqə vermişdir.
Nailə müəllimə artıq üçüncü ildir ki, doğma 132 nömrəli məktəb ilə yanaşı 5 il Akademik Zərifə Əliyeva adına məktəbdə də müəllim kimi fəaliyyət göstərmişdir.
Nailə müəllimənin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2007-ci ildə respublikanın əməkdar müəllimi adına layiq görülmüşdür. Nailə xanım 2 dəfə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur (2008 və 2013-cü illər). Bir neçə dəfə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəxri fərmanları ilə təltif olunmuşdur. Respublikamızın görkəmli pedaqoqu, prezident təqaüdçüsü, əməkdar müəllim Aliyə Təhmasib onun haqqında “Sənətinin vurğunu müəllim” adlı kitab yazmışdır.
Nailə Əhmədova 2014-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi “BU GÜNÜN VƏ SABAHIN DİREKTORLARI” müsabiqəsində iştirak etmiş və təlim kurslarını müvəffəqiyyətlə başa vuraraq sertifikata layiq görülmüşdür.
Təhsil Nazirliyi Nailə Əhmədovanın Azərbaycan təhsilində xidmətlərini və “BU GÜNÜN VƏ SABAHIN DİREKTORLARI” sertifikatına layiq olduğunu nəzərə alaraq, Nailə müəlliməni 2014-cü ildə Səbail rayonu 203 nömrəli məktəbə direktor təyin etmişdir. Nailə xanım direktor olduğu 203 nömrəli məktəbdə eyni zamanda iqtisadiyyat fənnini də tədris edir və bu sahədə yeni nailiyyətlər əldə edir. Belə ki, Nailə müəllimənin şagirdi Nurəddin keçən il H. Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Slavyan Universitetində keçirilən müsabiqədə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda elmi məruzəsi müsabiqənin diplomuna layiq görülmüşdür. Nailə müəllimin şagirdi Teymurov Aydın Xaqan oğlu “GƏLƏCƏK NƏSİLLƏRLƏ ÜZ-ÜZƏ” VI inşa yazı müsabiqəsində “Cəmiyyətdə mülkiyyətlə bağlı təbəqələşmə” mövzusunda II yerə layiq görülmüşdür. 

Комментариев нет:

Отправить комментарий