Xudiyeva
Xatirə Rafiq qızı 4 oktyabr 1971-ci ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə
anadan olub. 1989-cu ildə Sumqayıt şəhərində 21 №-li orta məktəbi bitirib. Uşaqlıqdan
təsviri sənətə olan həvəsi onu bu sahənin arxasınca getməyə istiqamətləndirdi.
1990-cı ildə N. Tusi ad. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Bədii
qrafika” fakültəsinə daxil olub. Burada
ustad müəllimlərdən – görkəmli sənətşünas Ziyadxan Əliyev, tanınmış heykəltəraş
İbrahim Zeynalov, xalq rəssamı Rəis Rəsulzadə və digər hörmətli müəllimlərdən dərs
alıb.
İlk pedaqoji fəaliyyətə 1995-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 83 №-li məktəb-liseydə
başlayıb. Hazırda həmin məktəbdə təsviri incəsənət müəllimi kimi çalışır. Bu təhsil
ocağında fəaliyyət göstərdiyi gündən gözəl insani keyfiyyətlərə malik, daim müəllimləri
yeniliyə, yaradıcılığa ruhlandıran məktəbin direktoru Nəbi müəllimin qayğısını
və diqqətini kollektivin hər bir müəllimi kimi o da öz üzərimdə hiss edib. Hər
zaman bu etimadı döğrultmağa, vəzifəsini məsuliyyətlə yerinə yetirməyə
çalışmışdır.
Təsviri incəsənət fənni vasitəsilə şagirdlərin
obrazlı, estetik düşünmə bacarığını formalaşdırmağa, milli və ümumbəşəri dəyərlərə
hörmət və məhəbbət hissini aşılamağa çalışır. Dərs dediyi şagirdlərdən - Kərimli Aysel, İslam Əminə, Hüseynova Alsu, Səfərova Röyalə
və digərləri rayon və respublika üzrə keçirilən rəsm üzrə müsabiqə, sərgilərdə
yüksək yerlərə layiq görülmüşlər. Artıq 21 ildir ki, fəaliyyət göstərdiyi məktəb-liseydə
təsviri incəsənət, musiqi və texnologiya fənn metodbirləşməsinin sədri kimi öz
bilik və təcrübəsini həmkarları ilə bölüşür və bu fənlərin tədrisində yeni təlim
texnologiyalarının tətbiqi istiqamətində müzakirələr aparır və müəyyən tövsiyələr
verir.
Pedaqoji fəaliyyətini “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan innovativ təlim metodlarını tətbiq edən, təhsilin
məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılması
üzrə ikinci strateji istiqamətdə qoyulan tələblər əsasında qurmağa çalışır.
İxtisası üzrə peşəkarlığını artırmaq məqsədilə müxtəlif təlim kurslarında
iştirak etmiş, yeni təlim texnologiyaları və İKT üzrə bilik və bacarığını daha
da təkmilləşdirmişdir. “Yeni fənn kurikulumlarının tədris prosesində tətbiqi”
üzrə təlim kurslarında təlimçi, Təhsil Nazirliyində “Dərsliklərin qiymətləndirilməsi
komissiyası”nda ekspert kimi çalışır. “İbtidai təhsil səviyyəsində təhsilalanın
təsviri incəsənətdən fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün
rubriklər” və “ Ümumi orta təhsil səviyyəsində təhsilalanın təsviri incəsənətdən
bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” adlı metodik vəsaitlərin
müəllifidir.
Pedaqoji sahədə
əməyi yüksək qiymətləndirilərək 2014-cü ildə “Qabaqcıl təhsil işçisi” adına
layiq görülüb. 2014-2015-ci tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin
qalibi olub. 2016-cı ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə
“Tərəqqi” medalı ilə təltif olunub.
Qazandığı uğurlar onu öz işinə daha da məsuliyyətlə
yanaşmağa və gənc nəslin geniş təfəkkürə, dünyagörüşə malik bir şəxsiyyət kimi
formalaşması istiqamətində yüksək nəticələr əldə etməyə sövq edir.
Комментариев нет:
Отправить комментарий